Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib

29 iyun 2018 | 16:00

İyunun 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) nəzdində fəaliyyət göstərən Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binası əsaslı təmirdən sonra istifadəyə verilib.

Bu münasibətlə keçirilən mərasimdə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, aidiyyəti dövlət qurumlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində məlumat verilib ki, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi 2011-ci ildən fəaliyyət göstərir. Mərkəz əsasən icmada yaşayan risk qrupuna aid ailələrin sosialyönümlü problemlərinin həllinə kömək göstərir. Mərkəzdə aktiv terapiya, ünsiyyət terapiyası, su terapiyası, loqoped xidməti, psixoloji konsultasiya, inkişaf etdirici məşğələlər, rus və ingilis dilləri, kompüter və əl işləri dərnəkləri fəaliyyət göstərir. Mərkəzin hazırda fəaliyyət göstərdiyi inzibati bina 2016-2018-ci illərdə əsaslı təmir olunub və bütün növ zəruri ləvazimat və avadanlıqla təmin edilib.

Tədbir iştirakçılarına Mərkəzin fəaliyyəti, ailələrlə aparılan fərdi iş barədə ətraflı məlumat verilib. Qonaqlar mərkəzdə fəaliyyət göstərən aktiv terapiya, autizmli uşaqlarla iş, psixoloq və loqoped xidmətləri, xarici dil və inkişafetdirici məşğələlərlə əyani surətdə tanış olub, uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar. Diqqətə çatdırılıb ki, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonda fəaliyyət göstərən digər aidiyyəti qurumlarla birgə müvafiq dövlət proqramlarının icrası məqsədilə “Narkomaniyaya YOX deyək!”, “Erkən nikahlar və onların fəsadları”, reproduktiv sağlamlıq, autizm, uşaqların icbari dispanserizasiyası, insan hüquqları mövzularında 108 maarifləndirmə tədbiri keçirib. Bu tədbirlərdə 9 min nəfərdən çox rayon sakini iştirak edib. 2011-ci ildən mərkəzin xidmətlərindən 2338 nəfər faydalanıb.

Keçidlər