Zaqatalanın Mosul kəndində uşaq bağçası əsaslı təmir olunub
Milli Qurtuluş Günü ərəfəsində Zaqatala rayonunun Mosul kəndinin sakinləri dəyərli bayram hədiyyəsi alıblar. İyunun 13-də kəndin uşaq bağçası əsaslı təmirdən sonra qapılarını yenidən balaca fidanların üzünə açıb.
Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb, gələcəyimiz olan uşaqların qayğısız böyümələri, sağlamlıqlarının qorunması, təlim-tərbiyəsi sahəsində davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən kənd sakinləri uşaq bağçasının istifadəyə verilməsini valideynlər və uşaqlar üçün əsl bayram hədiyyəsi olduğunu vurğulayıb, göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə tanış olublar. Rayon icra hakimiyyəti tərəfindən əsaslı təmir olunan 40 yerlik körpələr evi-uşaq bağçasında uşaqların təlim-tərbiyəsi, sağlam böyümələri üçün hər cür şərait yaradılıb.
X X X
Milli Qurtuluş Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində iyunun 13-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Tarixin qızıl səhifəsi” adlı elmi-praktik konfrans keçirilib.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında qoyulan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Konfransda səslənən məruzə və çıxışlarda ötən əsrin 90-cı illərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələr geniş təhlil edilib, məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğu, Azərbaycanın müstəqilliyinin məhv olmaq təhlükəsindən xilas olduğu vurğulanıb. Bildirilib ki, 25 il əvvəl xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edib.