Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Zaqatalada quru tütün istehsalının 1000 tona çatacağı gözlənilir

02 iyun 2018 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında tütün əkini kampaniyası müvəffəqiyyətlə başa çatıb. Cari mövsümdə rayonda 750,3 hektar sahədə tütün əkilib. Zaqatalalı fermerlər bu il 542,4 hektar sahədə “Virciniya” növlü ətirli, 207,9 hektar sahədə isə yerli tütün sortları yetişdirəcəklər. Cari mövsümdə rayonda quru tütün istehsalının 1000 tona çatacağı proqnozlaşdırılır.

Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərir. Belə ki, bu il Zaqatala rayonunda tütün əkini və becərilməsi işlərinə 2300 nəfərə yaxın kənd sakini cəlb olunub.

Yengiyan kəndindən olan fermer Telman Həsrətov rayonun əsas tütün istehsalçılarındandır. Onun rəhbərlik etdiyi “Dağlar” kəndli-fermer təsərrüfatı üç ildir ki, tütünçülüklə məşğul olur. 2016-cı ildə bu təsərrüfatda ilk dəfə 65 hektar sahədə tütün yetişdirilib, 700 ton yaşıl tütün kütləsi istehsal edilib. Prezident İlham Əliyevin kənd təsərrüfatının ixracyönümlü məhsullarının istehsalının artırılması ilə bağlı tapşırıq və tövsiyələrini nəzərə alaraq, fermer ötən il tütün əkini sahələrini genişləndirərək 110 hektara çatdırıb. Ötənilki mövsüm təsərrüfata məxsus əkin sahələrindən 980 ton yaşıl tütün kütləsi tədarük edilib. Mövsüm ərzində təsərrüfatda tütün becərilməsi ilə 50 nəfərədək işçi məşğul olub.

Xatırladaq ki, 2017-ci ildə zaqatalalı fermerlər 891 ton quru tütün istehsal ediblər. Məhsul istehsalı əvvəlki illə müqayisədə 363 ton artıb. Ötən il Zaqatala rayonundan xaricə tütün ixrac edilməsi nəticəsində ölkəmizə 12 milyon dollar və ya 20 milyon manata yaxın vəsait daxil olub.

Keçidlər