Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada barama tədarükünə başlanılıb

29 may 2018 | 16:00

Bu il Zaqatalada yaş barama istehsalının ötən illə müqayisədə təxminən iki dəfə artaraq, 40 tona çatacağı gözlənilir

Respublikamızda ilk olaraq mayın 29-da Zaqatala rayonunda istehsalçılardan barama tədarükünə başlanılıb. Zaqatala barama toxumu zavodunun qəbul məntəqəsinə cari mövsümün ilk məhsulunu Mamrux kənd sakini Ramiz Sulxayev təhvil verib. Kümçünün məntəqəyə gətirdiyi barama bu il şəxsən özünün ilk dəfə təcrübə məqsədilə yetişdirdiyi 2 qram ipəkqurdu toxumunun bəslənilməsindən alınan məhsuldur. O, yetişdirdiyi ipəkqurdunun adi normadan bir qədər yüksək temperaturda, yəni 26-27 dərəcədə yemlənməsini həyata keçirib və 25 gün müddətində məhsul əldə etməyə müvəffəq olub.

Ramiz Sulxayev AZƏRTAC-a bildirib ki, baramaçılıqla üç ildir məşğul olur. Ötən il 40 qram ipəkqurdu bəsləyib, 127 kiloqram yaş barama istehsal edib. Ailənin ötən mövsüm baramaçılıqdan gəlirləri 1100 manatdan çox olub. Sulxayevlər ailəsi cari mövsümdə 68 qram ipəkqurdu bəsləyib. Ailə bu il 200 kiloqram yaş barama istehsal etməyi planlaşdırır.

Kümçü ilə birgə qəbul məntəqəsinə gələn Mamrux kəndinin icra nümayəndəsi İlqar Bayramovun sözlərinə görə, son illər kənd əhalisi arasında baramaçılığa maraq xeyli artıb. Ötən il bu kənddə 8 ailə baramaçılıqla məşğul olub. Bu ailələr 320 qram ipəkqurdu bəsləyib və 1000 kiloqramdan çox məhsul əldə ediblər. Kənd sakinləri baramaçılıqdan 9 min manat qazanıblar. Cari mövsümdə isə kənddə baramaçılıqla məşğul olan ailələrin sayı iki dəfə artıb. Onlara 627 qram ipəkqurdu paylanılıb. Kümçülər bu il 1500 kiloqram barama istehsal etməyi qarşılarına məqsəd qoyublar.

Məntəqədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir. Cəmiyyətin nümayəndəsi İlqar Nazarov bildirib ki, barama tədarükü ilə əlaqədar müəssisə tərəfindən bütün zəruri hazırlıq işləri görülüb. Kümçülərə təhvil verdikləri yaş baramanın hər kiloqramına görə 9 manat ödəniləcək.

Məntəqədə yaş baramanın qəbulu prosesi ilə tanış olan rayon icra hakimiyyəti başçısının müavini İlkin Şəfizadə ilə söhbət zamanı məlum oldu ki, cari mövsümdə rayonun kümçülərinə 988 qutu, yəni 18 kiloqram 772 qram ipəkqurdu paylanılıb. Barama istehsalı ilə əlaqədar 247 kümçü ailəsi ilə müqavilə bağlanılıb. Cari mövsümdə rayonda yaş barama istehsalının 40 tondan çox olacağı proqnozlaşdırılır. Ötən il isə Zaqatalada 21,4 ton barama istehsal olunub.

Keçidlər