Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada kitab bayramlarının keçirilməsi ənənəyə çevrilib

24 may 2018 | 16:00

Zaqatalada xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar kitab bayramlarının keçirilməsi artıq ənənə halını alıb. Ulu Öndərin ideyalarını təbliğ etməyi, yeniyetmə və gənclərin oxu vərdişlərini inkişaf etdirməyi, mütaliəyə marağı artırmağı, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmağı hədəfə alan bu bayramlar rayon əhalisi, ziyalılar və kitabsevərlər tərəfindən də böyük rəğbətlə qarşılanır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə mayın 24-də Zaqatala şəhərindəki Dədə Qorqud meydanında ənənəvi X Kitab bayramı keçirilib.

Rayon rəhbərliyi, kitabsevərlər və ictimaiyyət nümayəndələri əvvəlcə meydanda təşkil edilən kitablardan və uşaqların əl işlərindən ibarət sərgilərə baxıblar. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin hazırladığı “Zaman və Lider”, “Müstəqilliyimiz əbədidir”, “Doğma yurdum Azərbaycan”, “Zaqatala – Ana Vətən”, “Hərb tariximiz”, “Biz sizdən öyrəndik qəhrəmanlığı”, Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Azərbaycan Xalq Cümhuriyyəti – şərəf və ləyaqət tariximiz” və digər mövzularda kitab sərgiləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Kitab bayramında uşaqların Azərbaycan xalq nağılları əsasında hazırladıqları səhnəciklər nümayiş etdirilib, şeirlər ifa olunub. Əli Səmədlinin “Bir parça torpaq” hekayəsi əsasında hazırlanmış səhnə tədbir iştirakçılarının xüsusilə marağına səbəb olub.

Tədbir çərçivəsində, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rayonda keçirilən şeir, mahnı, rəsm və inşa yazı müsabiqələrinin qaliblərinə fəxri fərmanlar təqdim edilib.

Kitab bayramı uşaqların hazırladığı bədii proqramla başa çatıb.

Keçidlər