Zaqatalada 37,5 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulur
Zaqatalada 37,5 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulur.
Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, agentlik tərəfindən təmir-tikinti işləri yüksək keyfiyyətlə davam etdirilir.
37,5 kilometr uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Layihə çərçivəsində Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, yeni yatağın inşası üçün təqribən 30 kilometrlik məsafədən xüsusi çınqıl materialı gətirilir. Yol yatağının inşası yekunlaşmış hissələrində optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır. Bundan başqa yolboyu çiyin hissələrin xüsusi qruntla bərkidilməsi, zəruri olan yerlərdə piyada səkilərinin inşası və kənarlarına səki daşlarının düzülməsi işləri də aparılır.
Bu işlərə paralel olaraq yolboyu süni qurğuların inşası müvəffəqiyyətlə aparılır. Belə ki, yolun altından suların ötürülməsi üçün artıq müxtəlif diametrli 25 ədəd borunun, həmçinin 1 ədəd 12 metrlik və 1 ədəd 18 metr uzunluğa malik avtomobil körpülərinin inşası işləri yekunlaşıb. 12 metr uzunluğa malik daha bir körpünün tikintisi isə yekunlaşmaq üzrədir. Bu istiqamətdə son tamamlanma işlər aparılır.
Yol əsası hazır olan hissələrin asfaltlanması işlərinə də başlanılıb. Yola iri və xırda dənəli qarışıqdan istifadə edilməklə yeni asfalt-beton örtüyü döşənir. Bu çərçivədə yolun 220 min kvadratmetrdən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllıqla aparılan tikinti işləri yolboyu yerləşən 7 yaşayış məntəqəsinin 23 min nəfər əhalisinin ürəyincədir. Çünki əsasən qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları problemlər artıq geridə qalır.
Ən əsası avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişindaşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara çatdırılması imkanı yaranacaq. Bu isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən turizm potensialını möhkəmləndirəcək və kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.