57 il birgə ömür sürmüş Məmmədovlar ailəsi Zaqatalada ən nümunəvi ailələrdəndir
Ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməldaşı hesab olunub. Mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradan ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb və bu gün də cəmiyyətin əsas özəyi kimi, dövlətin xüsusi himayəsindədir.
Bu fikirlər Beynəlxalq Ailə Günü münasibətilə mayın 15-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Nümunəvi ailələrin, gənclərin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, cəmiyyətin inkişafında ailənin yeri və rolundan danışıb. Vurğulanıb ki, ailə nəsillərin mədəni və tarixi varisliyini, cəmiyyətin mənəvi dəyərlərinin qorunmasını təmin edən əsas elementdir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər bütün fəaliyyəti boyu Azərbaycan ailələrinin sağlam və xoşbəxt olması, rifahının daha da yaxşılaşdırılması, milli dəyərlər üzərində inkişaf etdirilməsi üçün çalışıb.
Tədbirdə çıxış edənlər ailə məsələlərinin bu gün də həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, qarşılıqlı sevgi və ehtiram kimi yüksək dəyərlər üzərində qurulan Azərbaycan ailəsi milli mədəniyyətimizin, adət-ənənələrimizin daşıyıcısıdır.
Həyat yoldaşı ilə 57 il birgə ömür sürmüş Ramazan Məmmədov ailə dəyərlərinin müqəddəsliyindən danışaraq gənc ailələrə tövsiyələrini bildirib.