Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibə veteranlarının şərəfli ömür yolu gələcək nəsillər üçün hər zaman örnək olacaq

09 may 2018 | 16:00

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı 640 mindən çox oğul və qızını cəbhəyə yola salıb, onların təxminən yarısı döyüşlərdə həlak olub. Faşizm üzərində tarixi Qələbənin əldə edilməsində Zaqatalanın qəhrəman oğul və qızları da böyük rəşadət göstərib, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçiblər. Ön cəbhələrə yola salınan 6 mindən çox zaqatalalı döyüşçünün yarıdan çoxu müharibədən geri qayıtmayıb.

Bu fikirlər faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Zaqatala şəhərində keçirilən tədbirdə səsləndirilib.

Rayon rəhbərliyi, İkinci Dünya müharibəsi veteranı Vanuş Məmmədov və ictimaiyyətin nümayəndələri əvvəlcə 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Xilaskar əsgər” abidəsinin önünə gül-çiçək düzüb, igid həmvətənlərin xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları müharibə veteranı ilə abidənin önündə xatirə şəkli çəkdiriblər.

Sonra bayram tədbiri Heydər Əliyev Mərkəzinin kafesində çay süfrəsi ətrafında davam edib.

Rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin Mərkəzin həyətində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Veteranlar Şurasının sədri Ənvər Kərimov və başqaları çıxış edərək, müharibə illərində xalqımızın igid oğul və qızlarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Vurğulanıb ki, hər yerdə olduğu kimi, Zaqatala rayonunda da müharibə veteranları yüksək diqqət və qayğı ilə əhatə olunublar. İllər keçdikcə onların sıraları azalır. Hazırda Zaqatala rayonunda iki nəfər İkinci Dünya müharibəsi iştirakçısı yaşayır. Onların qəhrəmanlıqlarla dolu şərəfli ömür yolu zaqatalalı gənclərə əsl nümunədir.

Tədbir bədii proqramla davam edib.

Keçidlər