Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi anılıb

29 aprel 2018 | 16:00

Tibb elmində gur çıraq kimi şölələnən Zərifə Əliyeva fitri istedada malik alim, ulu Tanrının xalqımıza bəxş etdiyi heyrətamiz dərəcədə pak və nadir insan idi. Geniş dünyagörüşü, yüksək ziyalılığı, tədqiqatçılıq bacarığı ilə hamının rəğbətini qazanan Zərifə Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsl həyat və mənəviyyat dərsi, kamillik məktəbi olub.

Bu fikirlər akademik Zərifə Əliyevanın anadan olmasının 95 illik yubileyi münasibətilə aprelin 28-də Zaqatala şəhərində görkəmli alimin adını daşıyan liseydə keçirilən tədbirdə səsləndirilib.

Tədbirə dəvət olunan qonaqlar əvvəlcə foyedə lisey şagirdlərinin akademik Zərifə Əliyevaya və ümummilli lider Heydər Əliyevə həsr etdikləri əl işlərindən ibarət sərgilərlə tanış olublar.

Görkəmli oftalmoloq-alimin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Liseyin direktoru Kəmalə Əhmədova akademik Zərifə Əliyevanın mənalı həyat yolu və yorulmaz fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Azərbaycan tibb elminin, xüsusilə oftalmologiyanın inkişafında müstəsna xidmətləri olan Zərifə Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edir, gözlərə işıq verirdi. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub. Zərifə xanım istedadlı alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana idi.

Çıxış edənlər işıqlı bir ömür yaşamış Zərifə Əliyevanı Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı kimi səciyyələndiriblər.

Sonra akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə rayonun ümumtəhsil məktəblərində keçirilmiş inşa yazı, şeir, rəsm müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edilib.

Tədbir liseyin şagirdlərinin hazırladığı bədii proqramla başa çatıb.

Keçidlər