Bu il Zaqatalada tütün əkini sahələri 750 hektara çatdırılacaq
Bu ilin birinci rübündə Zaqatala rayonunda iqtisadiyyatın dinamik inkişafına nail olunub. Belə ki, hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 64 milyon 635 min manata çatıb. Məhsul istehsalı kənd təsərrüfatında 6,5 faiz, ticarətdə 23,5 faiz, rabitədə 10,7 faiz artıb, pərakəndə əmtəə dövriyyəsi 4,5 faiz, pullu xidmətlərin həcmi isə 2,3 faiz çoxalıb. Cari ilin ilk üç ayında rayonda əsas kapitala yönəldilən investisiyaların həcmi 2,1 dəfə artaraq 4 milyon 696 min manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 2,2 dəfə artaraq 4 milyon 443 min manat olub. Üç ayda rayonda 565-i daimi olmaqla, 585 yeni iş yeri açılıb.
Bu barədə aprelin 23-də Zaqatalada 2018-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin hesabat məruzəsində bildirilib ki, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Zaqatala rayonunda da zəruri tədbirlər həyata keçirilir. Cari ildə rayonda 750 hektardan çox sahədə tütün əkilməsi proqnozlaşdırılır. Artıq tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İxrac potensialı yüksək sahələrdən olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə mövcud fındıq bağlarının sahəsinin iki dəfə artırılması istiqamətində tədbirlər davam etdirilib. Belə ki, cari ilin yaz mövsümündə 352 hektar sahədə yeni bağlar salınaraq mövcud fındıq bağlarının sahəsi 18 min 503 hektara çatdırılıb.
Bildirilib ki, ənənəvi sahələrdən olan baramaçılığın inkişafı istiqamətində tədbirlər cari ildə də davam etdiriləcək. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə son iki ildə rayon ərazisində 276 minə yaxın tut tingi əkilib. Ənənəvi və ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi üçün son iki ildə rayonun Aşağı Tala kəndi ərazisində 167 hektar sahədə yeni gül plantasiyası salınıb, ərazidə damcılama suvarma sistemi quraşdırılıb. Hazırda mövcud 192 hektar gül plantasiyalarında aqrotexniki qulluq tədbirləri aparılır.
Hesabat dövründə 10 min 933 hektar payızlıq taxıl sahəsinə aqrotexniki xidmət göstərilib, 3 min 837 hektar sahədə yazlıq bitkilər əkilib.
Məruzədə, həmçinin 2018-ci ilin birinci rübündə rayonda aparılan tikinti-təmir işləri barədə məlumat verilib. Bildirilib ki, hesabat dövründə rayonda avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri sahəsində də müəyyən işlər görülüb, şəhərin küçələrində cari təmir işləri aparılıb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası işləri başa çatdırılıb. 23 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda 12 və 18 metr uzunluğunda iki körpü inşa edilib, 50-dək suötürücü boru quraşdırılıb, yolun torpaq yatağının və yol əsasının tikintisi işləri aparılıb. Eyni zamanda, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri işləri davam etdirilib.
Yığıncaqda, həmçinin 2018-ci ilin birinci rübündə əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib, qarşıda duran vəzifələrdən bəhs olunub.