Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar qəhrəmanlıq, şəhidlik zirvəsi kimi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur

20 yanvar 2013 | 16:00

Zaqatala rayonunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş silsilə tədbirlər bir neçə gündür davam edir. Yanvarın 18-də rayonun Muxax, Suvagil və Yuxarı Tala kəndlərində anma mərasimləri keçirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirin iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə-komplekslərin önünə gül-çiçək düzmüş, şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Abidələrin qarşısında keçirilən toplantılarda çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qaniçən sovet imperiyası ordusunun Bakı şəhərində xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə həyata keçirdiyi qətliamın xalqımıza qarşı törədilmiş ən dəhşətli cinayət, eyni zamanda, bəşər tarixinin ən qanlı terror aktlarından biri olduğunu diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən qəhrəman Vətən övladları ilə daim fəxr edir.
Çıxış edənlər 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini, Vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını bildirmişlər.

Keçidlər