Şriftin ölçüsü :

Saytın rəngi :

Cari mövsümdə zaqatalalı fermerlər 750 hektar sahədə tütün yetişdirəcəklər

17 aprel 2018 | 16:00

Bu il Zaqatala rayonunun təsərrüfatlarında 750 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Cari mövsümdə zaqatalalı fermerlər 542 hektar sahədə “Virciniya” növlü ətirli, 208 hektar sahədə isə digər ənənəvi tütün sortları yetişdirəcəklər. Artıq rayonun fermer təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsi prosesinə başlanılıb. İlk iki gündə rayonun iri tütün istehsalçılarından olan Telman Həsrətovun və Yunus Mustafayevin təsərrüfatlarında 15 hektar sahəyə tütün şitilləri köçürülüb və bu iş sürətlə davam etdirilir.

Rayonun Yengiyan kəndindən olan fermer Telman Həsrətov ötən il 110 hektar sahədə tütün yetişdirmişdi. Dövlətin bu sahəyə dəstəyindən ruhlanan fermer cari mövsümdə tütün əkini sahələrini genişləndirərək 150 hektara çatdırmağı planlaşdırır. Fermer Xuraman İbiyeva bu il 30 hektar, Danaçı kənd sakini Yunus Mustafayev isə 15 hektar sahədə tütün yetişdirəcəklər.

Ümumiyyətlə, son illər ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər, tütünçülüyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması zaqatalalı fermerlərin də bu gəlirli sahəyə marağının artmasına səbəb olub. Ötən il rayonda 891 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 363 ton artıb.

2017-ci ildə Zaqatala rayonundan tütün ixrac edilməsi nəticəsində ölkəmizə 12 milyon dollar və ya 20 milyon manata yaxın vəsait daxil olub.

Keçidlər