Zaqatalanın ən yaşlı sakininin evinə daşınan seçki qutusu aparılıb
Şimal-qərb bölgəsinin ən yaşlı seçicisi, Zaqatala rayonunun Çobankol kəndində yaşayan 118 yaşlı Fadimət Əsgərova prezident seçkisində səs verib.
Adı 110 saylı Zaqatala seçki dairəsinin 34 saylı məntəqəsində seçicilər siyahısında olan Fadimət nənə əvvəlki seçkilərdə olduğu kimi, budəfəki prezident seçkisində də iştirak etmək arzusunda olub. Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyi üçün ailəsi tərəfindən məntəqə seçki komissiyasına ərizə ilə müraciət edilib. Fadimət nənənin müraciətini nəzərə alaraq, səsvermə günü onun yaşadığı evə daşınan seçki qutusu göndərilib. Fadimət nənə oğlunun köməyi ilə bülleteni dolduraraq, istədiyi namizədə səs verib.
1900-cü il təvəllüdlü Fadimət nənənin 2 övladı, 15 nəvəsi, 41 nəticəsi və 20 kötücəsi var. O, bütün seçkilərdə səsvermə prosesində şəxsən iştirak edib. Lakin son illər səhhətində yaranan problemlər səbəbindən seçki məntəqəsinə gedə bilmir.