Erməni millətçilərinin törətdikləri faciələr xalqımızın qan yaddaşında dərin iz buraxıb
Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.
Bu fikir 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 30-da Zaqatala şəhərində keçirilən toplantıda səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.
Toplantıda çıxış edənlər erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə danışıblar. Qeyd olunub ki, ötən əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Azərbaycanın digər yerlərində törədilən qırğınlar zamanı on minlərlə həmvətənimiz qəddarcasına öldürülüb, xalqımızın qiymətli maddi-mədəniyyət abidələri məhv edilib. Azərbaycanlılara qarşı soyqırımı siyasəti indi də məqsədyönlü şəkildə davam etdirilir. Xalqımız ötən əsrin sonlarında 20 Yanvar, Xocalı kimi misli görünməmiş dəhşətli faciələrlə üzləşib, torpaqlarımızın 20 faizi işğal olunub, bir milyona yaxın həmvətənimiz öz ata-baba torpaqlarından didərgin düşüb.
Bildirilib ki, tarixi şərait səbəbindən ötən iki əsrdə baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmayıb. Yalnız Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılıb. Çıxış edənlər erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın əhəmiyyətini yüksək qiymətləndiriblər.