Zaqatalada 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Şəki-Qəbələ-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Göyçay, Qazax və Tovuz rayonlarının məktəbliləri martın 28-də Zaqatala rayonuna gəliblər.
Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun rəhbər işçiləri tərəfindən mehribanlıqla qarşılanıblar.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə rayonun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verib. Bildirilib ki, 128 min nəfərə yaxın əhalisi olan Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır.
Diqqətə çatdırılıb ki, Zaqatala rayonunun iqtisadiyyatında tütünçülük, meyvəçilik, o cümlədən fındıqçılıq, baramaçılıq, gülçülük mühüm yer tutur. Rayonda tütün istehsalı və emalı məntəqəsi, tütün və fındıq emaIı zavodları fəaliyyət göstərir. Yeni inşa edilən qızılgül yağı istehsalı müəssisəsində cari mövsümdən etibarən məhsul istehsalına başlanılacaq.
Sonra tur-aksiyada iştirak edən doqquz rayonun məktəbliləri Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar. Məlumat verilib ki, 2008-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin yeni binası 2015-ci ilin noyabrında istifadəyə verilib. İkimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya, poliqrafiya emalatxanası və digər otaqlar yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə və toxuculuq dərnəklərində hər gün onlarla yeniyetmə və gənc məşğul olur.
Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasının ərazisində yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu qalada məhbus kimi saxlanılıblar. Diqqətə çatdırılıb ki, qalanın ümumi sahəsi 11,5 hektar, qala divarlarının uzunluğu 3 min, eni 1,5, hündürlüyü isə 3-5 metrdir. Üç giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 15 yerli əhəmiyyətli tarixi abidə var. Bildirilib ki, qalada saxlanılan matrosların inqilabi fəaliyyətindən bəhs edən “Yenilməz batalyon” filmi məhz bu tarixi məkanda çəkilib.
Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını ziyarət ediblər. 1947-ci ildə salınan parkın ərazisi 13 hektardır. Burada 27 ağac növü var. Park rayon əhalisinin, eləcə də qonaqların ən sevimli istirahət yeridir.
Tur-aksiya iştirakçıları sonra 116 pilləkəndən ibarət olan “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə - Dədə Qorqud meydanına gəliblər.
Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, 1967-ci ildə yaradılan muzeydə 16 minə yaxın eksponat nümayiş etdirilir.
Zaqatalaya səfərləri çərçivəsində tur-aksiya iştirakçıları fındıq emalı müəssisəsində də olublar. Məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür. Ötən il rayonun fındıq bağlarından 13 min tondan çox məhsul tədarük olunub. Fındıq və fındıq məhsullarının ixracından respublikamıza 124 milyon manatdan çox vəsait daxil olub.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçıları Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.