Zaqatala rayonunda 2 uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilmişdir
28 dekabr 2012-ci il tarixdə Zaqatala rayonunda dövlət vəsaiti hesabına əsaslı təmir və avadanlıqla təchiz edilmiş şəhər 5 və Əlibayramlı kənd körpələr evi uşaq bağçalarının açılış mərasimi keçirilmişdir.
Tədbirlərdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-müdafiə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Şəhər 5 saylı körpələr evi uşaq bağçasının açılış mərasimində çıxış edən Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bu gün Azərbaycanda uşaqların hüquqlarının qorunması, o cümlədən valideyn himayəsindən məhrum olan uşaqların gələcəyinin daha gözəl və firavan olması üçün ölkə rəhbərinin yürütdüyü siyasətdən danışmış, bu məqsədlə ölkəmizdə tikilmiş saysız-hesabsız uşaq evlərini, uşaqlar üçün əyləncə mərkəzlərini, reabilitasiya mərkəzlərini misal göstərmişdir. Rayon rəhbəri öz çıxışında həm də bu işdə böyük pay sahibi olan Heydər Əliyev Fondunu və onun rəhbəri, Milli Məclisin deputatı, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini də xüsusi vurğulamışdır.
Digər çıxış edən natiqlər ulu öndərimiz Heydər Əliyevin uşaqların müdafiəsi istiqamətində gördüyü işlərdən danışmış, məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uşaqların müdafiəsi ilə əlaqədar müxtəlif fərman və sərəncamlar imzalandığını qeyd etmiş, bu gün də bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışlar. Natiqlər bunun bariz nümunəsi kimi bu gün istifadəyə verilən, ən müasir üslubda inşa edilmiş, hər cür yumşaq və bərk inventarla təmin edilmiş uşaq bağçasını misal göstərmişlər.
Bağçanın açılış mərasimini bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları burada yaradılmış şəraitlə tanış olmuşlar.
Daha sonra tədbir iştirakçıları Əlibayramlı kənd körpələr evi uşaq bağçasına baxış keçirmişlər.