Zaqatalalı idmançılar ötən il yarışlarda 65 qızıl, 91 gümüş və 112 bürünc medal qazanıblar
Zaqatala rayonunda 20 minə yaxın insan müntəzəm olaraq idmanla məşğul olur. Hazırda rayonda olimpiya idman kompleksi, şəhər stadionu, idman zalları, 67 sadə idman qurğusu fəaliyyət göstərir. Zaqatalada idman sahəsində 121 nəfər ixtisaslı mütəxəssis çalışır. İdmançı və mütəxəssislərdən 17 nəfəri idman ustası, 12 nəfər isə idman ustalığına namizəddir. 2017-ci ildə zaqatalalı idmançılar respublika və beynəlxalq səviyyəli yarışlarda 65 qızıl, 91 gümüş, 112 bürünc medal əldə ediblər.
Bu barədə martın 5-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun idman ictimaiyyəti ilə keçirilən görüşdə məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, 2017-ci ildə rayon idmançılarının respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlardan bəhs edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayan idarə rəisi, bu istiqamətdə tədbirlərin indi də ardıcıl davam etdirildiyini, idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün məqsədyönlü iş aparıldığını diqqətə çatdırıb.
Tədbirin sonunda idman sahəsində fərqlənən məşqçi-müəllimlərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Bədən Tərbiyəsi və İdman Günü Şəki-Zaqatala bölgəsinin digər rayonlarında da kütləvi idman tədbirləri ilə geniş qeyd edilib.