Zaqatala şəhərindəki “Qala düzü” pilləkənləri təmir olunur
Zaqatala şəhərində ötən əsrin 50-ci illərində inşa edilmiş “Qala düzü” pilləkənlərində aparılan təmir-bərpa işləri başa çatmaq üzrədir. Təmir işləri zamanı pilləkənlərin yararsız vəziyyətə düşmüş mərmər və travertin üzlük materialı sökülərək yanmış qranit üzlüklə əvəzlənib, istinad divarları yenidən tikilərək yerli qaya daşı ilə üzlənib.
Pilləkənlərin təmiri Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli Sərəncamına əsasən, Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə ayrılan vəsait hesabına həyata keçirilir.
116 pilləkəndən ibarət olan “Qala düzü” pilləkənləri Zaqatala şəhərinin monumental abidələri sırasına daxildir. Pilləkənlər Zaqatala şəhərinə xüsusi görkəm verməklə yanaşı, şəhərin mərkəzi hissəsini Qala düzü yaşayış massivi, Zaqatala qalası və Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə birləşdirir.