Zaqatalada müharibə əlilləri və şəhid ailələri üçün yeni fərdi evlər tikilir
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu kateqoriyadan olan insanların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə son illər Zaqatala rayonunda da davamlı tədbirlər həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hazırda rayonun kəndlərində əlil və şəhid ailələri üçün 6 fərdi ev inşa edilir. Evlərin tikintisinin 2018-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Fərdi evlərin tikintisi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrasına uyğun olaraq həyata keçirilir. Həmin Sərəncama əsasən, son üç ildə Zaqatala rayonunda 17 fərdi ev tikilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.