Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi dinc əhaliyə qarşı törədilən soyqırımı cinayətlərinin ən dəhşətlisidir

26 fevral 2018 | 16:00

Öz miqyasına və dəhşətlərinə görə heç bir tarixi hadisə ilə müqayisə olunmayan Xocalı soyqırımının törədilməsində əsas məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qırmaq idi.

Bu barədə Xocalı faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar fevralın 26-da Zaqatala şəhərində keçirilən anım tədbirində danışılıb.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov çıxış edərək, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanovanın məruzəsində ərazilərimizin 20 faizinin düşmən tapdağı altında olduğu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığı bir dövrdə keçmişi unutmamağın ölkəmizin bu günü və gələcəyi üçün böyük əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərlə bağlı tarixi hadisələrin ölkə daxilində və ölkədən kənarda tanıdılması məqsədi ilə görülən işlər dövlətimizin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Artıq dünyanın bir sıra ölkələrində erməni millətçilərinin törətdikləri faciələr soyqırımı aktı kimi tanınır.

Çıxış edənlər soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin atdığı qətiyyətli addımları yüksək qiymətləndiriblər. Vurğulanıb ki, məhz Ulu Öndərin sarsılmaz iradəsi və müdrik siyasəti nəticəsində Qarabağ problemi, o cümlədən Xocalı faciəsi ətrafında yaradılan informasiya blokadasına son qoyulub.

Həmin gün Zaqatalada məskunlaşan Xocalıdan olan məcburi köçkün ailələrinə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı göstərilib.

Keçidlər