Ana dili hər bir xalqın mənəviyyatının güzgüsüdür
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Ana dilinin qorunması, onun zənginləşdirilməsi və inkişaf etdirilməsi hər kəsin vətəndaşlıq borcudur.
Bu fikirlər Beynəlxalq Ana Dili Günü münasibətilə fevralın 21-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Mənim qürurum – Ana dilim” adlı elmi-praktiki konfransda səsləndirilib.
Heydər Əliyev Mərkəzinin və Mərkəzi Kitabxananın birgə təşkil etdikləri tədbirin əvvəlində “Ana dilim” adlı slayd nümayiş olunub.
Mədəniyyət və təhsil işçilərinin, ziyalıların, gənclərin iştirak etdiyi konfransda rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülniyar Məmmədova ana dilimizin keçdiyi inkişaf mərhələlərindən danışıb. Bildirilib ki, dillərin qorunması məqsədilə hər il fevralın 21-də qeyd olunan Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ana dili hər bir xalqın mənəviyyatının güzgüsü, dünyanın ümumi mədəniyyətinin tərkib hissəsi, mənəvi diriliyidir.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin dilimizin qorunması və inkişaf etdirilməsinə göstərdiyi böyük diqqət və qayğıdan söz açılıb, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışılıb.
Məktəblilər ana dilimizə həsr olunan şeirlər, hikmətli kəlamlar söyləyiblər.