Zaqatalalı arıçı: hər arı ailəsinə görə subsidiya verilməsi bizə böyük dəstək olacaq
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev hər arı ailəsinə görə arıçılara 10 manat subsidiya veriləcəyini deyib. Bu, Zaqatala arıçıları tərəfindən də böyük razılıq hissi ilə qarşılanıb.
Azərbaycan Arıçılar Assosiasiyası Zaqatala rayon şöbəsinin rəhbəri, peşəkar arıçı Mövlüddin Qurbanəliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Konfransda səslənən bu xoş xəbər bütün arıçıları sevindirib. Uzun illərin arıçısı kimi deyə bilərəm ki, subsidiyalar arıçılığın inkişafına böyük dəstək olacaq. Məsələn, əgər bir təsərrüfatda 100 arı ailəsi varsa, deməli ona veriləcək subsidiyanın məbləği 1000 manat təşkil edəcək. Bu vəsait həmin təsərrüfatdakı arı ailələrinin mövsümlə əlaqədar digər ərazilərə köçürülməsi, həmçinin arıların müalicəsi üçün zəruri dərman vasitələrinin alınmasına tam yetərlidir”.
Assosiasiyanın rayon şöbəsinin rəhbəri bildirib ki, 2017-ci ildə aparılan son statistikaya görə, rayonda 570 arıçı və onlara məxsus təsərrüfatlarda 17 mindən çox arı ailəsi var. Subsidiyaların verilməsi ilə əlaqədar hazırda şöbə tərəfindən arıçılıq təsərrüfatlarının və arı ailələrinin yenidən qeydiyyata alınması prosesinə başlanılıb. Bu məlumatlar daha sonra Kənd Təsərrüfatı Nazirliyinə göndəriləcək.