Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Beynəlxalq Aeroportu yenidənqurmadan sonra istismara verilib

14 dekabr 2017 | 16:00

Zaqatala Beynəlxalq Aeroportu əsaslı yenidənqurmadan sonra rəsmən istismara verilib.

Zaqatala Beynəlxalq Aeroportunun yenidən qurulması Prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri zamanı verdiyi tapşırığa müvafiq olaraq həyata keçirilib.

Hava limanının ərazisində geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verən uçuş-enmə zolağı (UEZ) tikilib, perron xeyli genişləndirilib, müasir naviqasiya sistemləri, meteoroloji və işıq siqnalı avadanlıqları quraşdırılıb, həmçinin aerovağzal kompleksinin binası təmir edilib.

Hava limanının yenidənqurmadan sonra açılışı ilə bağlı keçirilən tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Etibar Hüseynov, Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, “AzVirt” şirkətinin direktoru Kamil Əliyev və digərləri iştirak edib. Hava limanının açılışı günü buraya ilk dəfə olaraq dünyanın ən böyük sərnişin təyyarələrindən biri - “Airbus A340-500” təyyarəsi enib.

Azərbaycanın “AzVirt” şirkəti tərəfindən həyata keçirilən tikinti işləri nəticəsində hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı tikilib. Uçuş-enmə zolağı və perronda ümumi qalınlığı 92 santimetr olan yol geyimi konstruksiyası, o cümlədən 37 santimetr asfalt-beton layları döşənib. Yeni zolaq beynəlxalq tələblərə cavab verir və Zaqatala Beynəlxalq Aeroportuna geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək.

Eyni zamanda hava limanının ərazisində tikinti işləri üçün asfalt-beton qarışığının hazırlanması məqsədilə səyyar asfalt-beton zavodu quraşdırılıb. Uçuş-enmə zolağının yenidənqurması üçün ümumilikdə 121 min ton asfalt-beton istifadə olunub. Ümumilikdə tikinti işləri 166 000 kvadratmetr ərazidə aparılıb.

Zaqatala Beynəlxalq Aeroportunun sahəsi 31 min kvadratmetr olan yeni böyük və rahat perronu müasir geniş füzelyajlı təyyarələrə xidmət göstərməyə, həmçinin orada eyni vaxtda bir neçə orta magistrallı hava gəmilərini yerləşdirməyə imkan verir. Yenidənqurma prosesində ən müasir texnologiyalar tətbiq olunub ki, bu da təyyarələrə xidmətin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Yeni uçuş-enmə zolağının təchizatı üçün müasir naviqasiya və multilaterasiya sistemlərindən, həmçinin meteoroloji və işıq siqnalı avadanlıqlarından istifadə olunub. Zaqatala hava limanı ərazisində təhlükəsizlik zolaqları və radionaviqasiya, meteoroloji avadanlıqlarının yerləşdirilməsi üçün ərazinin şaquli planlaşdırılması işləri daxil olmaqla, 750 min kubmetrdən çox torpaq işləri görülüb. Uçuş-enmə zolağının uzadılması ilə əlaqədar yeni işıq-siqnal sistemləri qurulub və bu işıq-siqnal sistemləri dispetçerlər tərəfindən qüllədən idarə olunacaq. Aeroportun perimetri üzrə 5,5 kilometr uzunluğunda mühafizə hasarı çəkilib, patrul yolu inşa edilib. Hava limanının ərazisinin çay qolu ilə kəsişməsiylə əlaqədar olaraq uçuş-enmə zolağının yuyulub aparılmasının qarşısını almaq məqsədilə uzunluğu 182 metr olan tunel tikilib.

Zaqatalada 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində aerovağzal binasında sıradan çıxmış havalandırma-istilik sistemlərin, kanalizasiya xətlərinin bərpası, aerovağzal binasının təmir işləri aparılıb. Vağzalyanı meydanda avtomobil dayanacağı 1200 kvadratmetr genişləndirilərək 150 minik avtomobilini qəbul olunması üçün şərait yaradılıb.

Zaqatala Beynəlxalq Aeroportunda xüsusi təyyarə-laboratoriya vasitəsilə sınaq uçuşları yerinə yetirilib, radiopellengator, enmə sistemləri, işıq-siqnal sistemləri uçuşla yoxlanılıb, nəticədə avadanlıq və sistemlərin mövcud yararlıq normalarına uyğunluğu təsdiq edilib.

Qeyd edək ki, Zaqatala hava limanının istismara verilməsi regionda turizmin və yük dövriyyəsinin inkişafına böyük stimul ola bilər.

Keçidlər