Zaqatalada Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib
Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin anım günü Zaqatala rayonunda silsilə tədbirlərlə qeyd olunub.
Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı meydan dekabrın 12-də həmişə olduğundan daha izdihamlı görünürdü. Rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, sadə zaqatalalılar səhər saatlarından başlayaraq axın-axın mərkəzin qarşısına gələrək, Ulu Öndərin burada ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Dahi rəhbərin vəfatının ildönümü ilə əlaqədar sonra Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans keçirilib. Tədbirdə çıxış edənlər bütün həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb, onun nurlu və əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Bildirilib ki, dekabrın 12-si Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanmış böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin anım günüdür. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.