Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada əlillərin cəmiyyətə inteqrasiyasına xüsusi diqqət göstərilir

02 dekabr 2017 | 16:00

Ölkəmizdə yaşayan əlil insanların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Respublikanın hər yerində olduğu kimi, Zaqatala rayonunda da əlillərin cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının bərpası, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Beynəlxalq Əlillər Günü münasibətilə dekabrın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsində keçirilən tədbirdə rayonda əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışılıb.

Şöbə müdiri Nəsrullah Həsrətov, rayon icra hakimiyyəti aparatının məsul əməkdaşı İlqar Vəliyev və başqaları çıxış edərək, ölkəmizdə sağlamlığını itirmiş əlil şəxslərə göstərilən dövlət qayğısından söhbət açıb, əlilliyi olan şəxslərin sosial rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar.

Bildirilib ki, hazırda rayonda 7790 nəfər əlil və 903 nəfər sağlamlıq imkanı məhdud uşaq yaşayır. Onların hər biri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlillərin reabilitasiya, pulsuz istirahəti, mənzil və nəqliyyat vasitələri ilə təminatı uğurla həyata keçirilir, pensiya və müavinətləri hər il artırılır. Eyni zamanda, rayonda da əlillərin cəmiyyətə inteqrasiyasına xüsusi diqqət göstərilir.

Tədbirdə çıxış edən əlillər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Çay süfrəsi ətrafında davam edən tədbirin sonunda bir qrup əlilə yardım göstərilib.

Keçidlər