Məktəblilər Zaqatalanın tarixi, iqtisadiyyatı və turizm potensialı barədə məlumatlandırılıblar
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində respublikamızın şimal-qərb bölgəsinə səyahət edən Ağdaş, Füzuli, Göygöl, Siyəzən və Tovuz rayonlarının məktəbliləri noyabrın 18-də, günün ikinci yarısında Zaqatala rayonu ilə tanış olublar.
Tur-aksiya iştirakçılarını Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri səmimiyyətlə qarşılayıblar. Məktəblilərə rayonun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verilib.
Sonra məktəblilər Mərkəzlə yaxından tanış olublar. Bildirilib ki, ikimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Birinci mərtəbədəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Ümummilli Liderin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə Mərkəzdə mütəmadi olaraq açıq tarix dərsləri keçirilir. Yeni ailə quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsi də artıq gözəl ənənəyə çevrilib. Mərkəz gündəlik fəaliyyətində uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafına, qabiliyyətlərinin üzə çıxarılmasına, onlarda vətənpərvərlik hislərinin yüksəldilməsinə xüsusi diqqət ayırır.
Məktəblilərə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinin mövqelərimizə daim atəş açması, dinc əhalini, yaşayış yerlərini gülləbaran etməsi barədə də ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, düşmən növbəti dəfə təxribata əl ataraq 2016-cı il aprel ayının 2-də yenidən mövqelərimizə hücuma keçib, bir neçə dinc sakini qətlə yetirib, Azərbaycan Ordusu bu hücumun qarşısını almaq üçün əks-hücumla bir sıra məntəqələri və yüksəklikləri azad edib. Aprel müharibəsi bir daha sübut etdi ki, Azərbaycan əsgəri, xalqımız nəinki müharibəyə tam hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə başa çatdırmaq imkanındadır.
Füzuli rayonunun məktəbliləri adından Heydər Əliyev Mərkəzinə “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabı təqdim olunub.
Sonra məktəblilər dərnək otaqlarını gəziblər. Məlumat verilib ki, hazırda burada fəaliyyət göstərən rəqs, rəsm, gənc fotoqraf, dekorativ tikmə, toxuculuq və xalçaçılıq dərnəklərində xeyli sayda yeniyetmə və gənc məşğul olur.
Tur-aksiya iştirakçıları sonra “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə – Dədə Qorqud meydanına gəliblər. Məktəblilər həmin gün səhər saatlarından davam edən Fındıq festivalının konsert proqramını izləmək imkanı da əldə ediblər.
Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, 1967-ci ildə yaradılan muzeydə 16 minə yaxın eksponat nümayiş etdirilir.
Zaqatalaya səfərləri çərçivəsində tur-aksiya iştirakçıları fındıq emalı zavodunda da olublar. Bildirilib ki, Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür.
Tur-aksiya iştirakçıları Zaqatala rayonundan zəngin təəssüratlarla ayrılıblar.