Zaqatala fındığının ixrac coğrafiyası genişlənir
Zaqatala rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas məşğuliyyət sahəsi və qazanc mənbələrindən biri hesab olunur. Rayonda istehsal edilən fındıq dünya bazarında keyfiyyəti ilə fərqləndiyindən ixrac potensialı da olduqca yüksəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində qeyd etdiyi kimi, fındıq keçən il kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən məhsul olub. 2016-cı ildə fındıq satışı ölkəmizə 105 milyon dollar valyuta gətirib.
Fındıq ixracının bu il 120 milyon manata çatacağı proqnozlaşdırılır
Xarici bazarlarda fındığa olan yüksək tələbat, məhsulun dəyərli olması, nəqliyyata və uzun müddət saxlanılmağa davamlılıq son dövrlər Zaqatala əhalisinin bu sahəyə marağını daha da artırıb. Fındıqçılıq hazırda rayonun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır.
Son iki ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan artırılaraq 17 min hektara çatdırılıb. Keçən il rayonda 8,9 min ton fındıq istehsal olunub. Cari ildə isə fındıq istehsalının 13 min tona çatacağı gözlənilir. 2016-cı ildə rayonda fəaliyyət göstərən emal müəssisələri tərəfindən xarici ölkələrə 91 milyon manat dəyərində fındıq məhsulu ixrac olunub. Cari ildə fındıq ixracının 120 milyon manata çatacağı proqnozlaşdırılır. Bu ilin ötən 10 ayı ərzində Zaqatalanın emal müəssisələri tərəfindən xarici ölkələrə artıq 95 milyon manat dəyərində fındıq məhsulları ixrac edilib.
Zaqatala fındığı Rusiya, Almaniya, İtaliya, Litva, Estoniya, Danimarka və digər ölkələrə ixrac olunur