12 noyabr-Konstitusiya günü və 17 noyabr Milli Dirçəliş günü ilə əlaqədar tədbir keçirilmişdir.
09 noyabr 2011-ci il tarixdə Zaqatala rayonunda Azərbaycan Respublikası Dövlət Bayrağı günü, 12 noyabr-Konstitusiya günü və 17 noyabr Milli Dirçəliş günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlaının rəhbərləri, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Heydər parkında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər. Sonra tədbir iştirakçıları şəhərin mərkəzində yerləşən Bayraq dairəsi ətrafında toplaşmışlar.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Bayraq gününün bu gün ölkəmizdə belə təm-təraqla qeyd olunmasının ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin böyük siyasi iradəsi hesabına mümkün olduğunu vurğulamış, məhz ulu öndərimizin siyasi cəsarəti hesabına ay-ulduzlu, üç rəngli bayrağımız dövlətimizin rəmzi elan edildiyini və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu aldığını qeyd etmişdir.
Çıxışında rayon rəhbəri qarşıdan gələn 12 noyabr-Konstitusiya və 17 noyabr Milli Dirçəliş günü ilə əlaqədar rayon ictimaiyyətini təbrik etmiş, bu iki əlamətdar günün müasir Azərbaycan dövlətinin tarixindəki mahiyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Tədbirdə çıxış edən digər natiqlər bu gün müstəqil, azad bir ölkədə yaşadığından qürur duyduqlarını bildirmiş, bu müstəqilliyin nələrin bahasına əldə olunduğunu rayon ictimaiyyətinə xatırlatmışdır. Natiqlər, bu gün düşmən tapdağı altında qalmış torpaqlarımızda üç rəngli bayrağımızın dalğalanması üçün hər kəsi ali baş komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırmışdır.
Sonra tədbirdə məktəblilərin ifasında Azərbaycan bayrağına həsr olunmuş kompozisiya nümayiş etdirilmişdir.
Meydana üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağının gətirilməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Tədbir hərbiçilərin, idmançıların və gənclərin Dövlət Bayrağı önündən təntənəli parad-keçidi ilə yekunlaşmışdır.