Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın tarixi məkanları ilə tanışlıq tur-aksiya iştirakçılarında xoş təəssürat yaradıb

13 noyabr 2017 | 16:00

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Biləsuvar, Hacıqabul, Kürdəmir, Ucar və Zərdab rayonlarının məktəbliləri noyabrın 13-də, günün ikinci yarısında Zaqatala rayonuna gəliblər.
Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən qonaqpərvərliklə qarşılanıblar.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə rayonun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Zaqatala da digər rayonlar kimi, həm turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, həm də tarixi məkanları ilə tanınır. Eyni zamanda, rayonda tütün, barama və fındıqçılıq da geniş inkişaf edib. Ənənəvi sahələrdən olan gülçülüyün və çayçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Rayonda yeni gül plantasiyaları salınıb. Qızılgül yağı istehsalı müəssisəsinin tikintisi artıq başa çatmaq üzrədir.
Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar. Bildirilib ki, 2008-ci ildən fəaliyyət göstərən Mərkəz 2015-ci ilin noyabrında yeni binaya köçüb. Heydər Əliyev Mərkəzi yetişməkdə olan gənc nəslin doğma Vətənimizə layiqli vətəndaş kimi formalaşmasına mühüm töhfə verir. İkimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Birinci mərtəbədəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.
Bildirilib ki, Heydər Əliyev Mərkəzi gündəlik fəaliyyətində uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafına, qabiliyyətlərinin üzə çıxarılmasına, onlarda vətənpərvərlik hisslərinin yüksəldilməsinə xüsusi diqqət ayırır. Hazırda burada fəaliyyət göstərən rəqs, rəsm, gənc fotoqraf, dekorativ tikmə, toxuculuq və xalçaçılıq dərnəklərində xeyli sayda yeniyetmə və gənc məşğul olur.
Tanışlıq zamanı Zərdab rayonunun məktəbliləri adından Heydər Əliyev Mərkəzinə Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən kitab hədiyyə olunub.
Zaqatala Tarix-Mədəniyyət Qoruğuna ekskursiya da maraqlı keçib. Ekskursiya zamanı məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu qalada məhbus kimi saxlanılıblar. Həmin matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin “Qalada üsyan” romanını yazıb və bu əsər əsasında “Yenilməz batalyon” bədii filmi çəkilib. Müstəqillik illərində ekranlaşdırılan “Cavad xan” filminin bəzi səhnələri də Zaqatala qalasında və onun ətrafında lentə alınıb.
Tur-aksiya iştirakçıları qalanın ərazisini gəzib, xatirə şəkilləri çəkdiriblər.
Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkını ziyarət ediblər. Diqqətə çatdırılıb ki, 1947-ci ildə salınan parkın ərazisi 13 hektardır. Burada 27 növ ağac var.
Məktəblilər məşhur “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə - Dədə Qorqud meydanına gəliblər.
Tur-aksiya iştirakçıları sonra Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkiblər. Məlumat verilib ki, 1967-ci ildə yaradılan muzeydə 16 minə yaxın eksponat qorunub saxlanılır.
Şagirdlər “Qızılgüllər diyarı” Zaqataladan xoş təəssüratlarla ayrılıblar.

Keçidlər