Bu il zaqatalalı heyvandarlara 116 min manatdan çox subsidiya ödənilib
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə 2017-ci ilin 9 ayı ərzində Zaqatala rayonunda 4044 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Müddət ərzində süni mayalama yolu ilə alınan buzovların sayı isə 1809 baş olub.
İdarənin təmsilçisi bildirib ki, cari ilin ötən dövrü ərzində fermerlərə süni mayalama yolu ilə alınmış 1162 baş buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə 116 min 200 manat məbləğində subsidiya ödənilib. Son iki ayda doğulan buzovlar üçün hesablanmış subsidiyalar da yaxın vaxtlarda fermerlərə ödəniləcək.
Aydın Heydərov bildirib ki, heyvanların süni yolla mayalandırılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına təsir göstərən ən mühüm amillərdəndir. Dövlət dəstəyinin göstərilməsi fermerlərin bu sahəyə marağını daha da artırıb.
Xatırladaq ki, subsidiyalar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi” Qaydasına əsasən verilir.