Zaqatala şəhərində Tala çayı üzərindəki körpü genişləndirilib
Zaqatala şəhərində Tala çayı üzərində yerləşən avtomobil körpüsünün hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Ötən əsrin 60-cı illərində inşa edilmiş körpünün uzunluğu 132 metrdir. Layihəyə uyğun olaraq, körpünün üzərində dəmir konstruksiyalar quraşdırılıb, eni hər iki istiqamət üzrə 1,5 metr genişləndirilərək, 9,5 metrdən 12,5 metrə çatdırılıb. O cümlədən yolun hərəkət hissəsinin eni 7 metrdən 9,5 metrədək genişləndirilib. Vətəndaşların körpünün kənarı ilə rahat və təhlükəsiz hərəkət etmələri üçün 1,5 enində piyada səkiləri inşa edilib. Körpünün üzərinə yeni asfalt-beton örtük döşənib. Hazırda körpünün kənarlarına dəmir məhəccərlər quraşdırılır.
Əsaslı şəkildə yenidən qurulan avtomobil körpüsü yaxın günlərdə istismara veriləcək.