Zaqatalada yeraltı piyada keçidinin tikintisində dizayn-bəzək işləri yekunlaşıb
Zaqatala şəhərinin yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi məqsədilə şəhərin mərkəzi hissəsində inşa edilən yeraltı piyada keçidinin mərmər və qranitlə üzlənməsi işləri tam yerinə yetirilib.
Dizayn-bəzək işləri zamanı keçidin döşəmə və yan divarları, həmçinin pilləkən hissəsi 1120 kvadratmetr ölçüdə qranit plitələrlə, çıxış divarları isə 440 kvadratmetr mərmərlə üzlənib. Yağış sularının axıdılması üçün keçiddə xüsusi boru xətti çəkilib, iki nasos qurğusu quraşdırılıb. Keçiddə 9 yerdə təhlükəsizlik kameraları da qoyulub. Hazırda piyada keçidində tutacağın quraşdırılması işləri yekunlaşmaq üzrədir.
Şəhərin Faiq Əmirov, Vidadi, Saleh Qocayev və Bazar küçələrinin kəsişməsində inşa edilən yeraltı piyada keçidinin 4 giriş-çıxışı var. Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral avtomobil yolunun keçdiyi bu ərazidə günün əksər vaxtlarında nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunur və tez-tez tıxaclar yaranırdı. Ərazidə məktəb, xəstəxana, kənd təsərrüfatı məhsullarının satış-bazarı, iri ticarət obyektləri yerləşdiyindən nəqliyyat vasitələrinin intensiv hərəkəti piyadalar üçün müəyyən çətinliklər törədir, tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurdu.
Yeni inşa edilən yeraltı keçid piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır.