Şriftin ölçüsü :

Saytın rəngi :

İlin əvvəlindən bəri Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində 226 nikah rəsmiləşdirilib

30 oktyabr 2017 | 16:00

Ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunub. Azərbaycan xalqı ailə dəyərlərini, ailə ləyaqətini həmişə hər şeydən üstün tutub. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən biridir.

Son vaxtlar ölkəmizdə yeni ailə quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev mərkəzlərində keçirilməsi artıq ənənə şəklini alıb. Bu, heç də təsadüfi deyil. Ulu Öndər bütün fəaliyyəti boyu Azərbaycan ailələrinin sağlam və xoşbəxt olması, milli mənəvi dəyərlər üzərində inkişaf etdirilməsi üçün çalışıb.

Ənənəyə uyğun olaraq, oktyabrın 30-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin növbəti nikah mərasimi keçirilib.

Ailə quran Zaqatala şəhər sakinləri Fəqan Abdilov və Gülmira Cumayeva əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Sonra Mərkəzdə yeni ailə quran gənclərin nikah aktının imzalanması mərasimi keçirilib.

Bəy və gəlinin doğmalarının da iştirak etdiyi mərasimdə Mərkəzin direktoru Famil Rəhimov çıxış edərək, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıb, ailə dəyərlərinin qorunmasının vacibliyini önə çəkərək, yeni ailə quran gənclərə sağlam və xoşbəxt ailə həyatı arzulayıb.

Ailə quran gənclər Heydər Əliyev Mərkəzində keçirilən bu nikah mərasiminin ailə həyatlarının ən xoşbəxt anı kimi, daim xatırlayacaqlarını bildiriblər.

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi ənənəsi 2014-cü ilin aprelində qoyulub. Həmin vaxtdan bu günədək Mərkəzdə 1151 nikah mərasimi olub. O cümlədən cari ilin on ayı ərzində Mərkəzdə 226 nikah rəsmiləşdirilib.

Keçidlər