Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü Zaqatalada təntənə ilə qeyd olunmuşdur

06 noyabr 2012 | 16:00

Noyabrın 1-də Zaqatala şəhərindəki “Qala düzü” istirahət mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20-ci ildönümünə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilmişdir. Mərasimdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, YAP Mərkəzi Aparatının məsul işçiləri, partiyanın rayon təşkilatının fəalları iştirak etmişlər. YAP fəalları və qonaqlar əvvəlcə partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Yubiley tədbirinin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilmiş, Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan bəhs edən sənədli film nümayiş etdirilmişdir. Tədbiri açan partiyanın rayon təşkilatının sədri Habil Qurbanov bildirmişdir ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ümummilli liderimiz Heydər Əliyevin ətrafında birləşən Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Partiyanın yaranması 1988-ci ildən başlayaraq Azərbaycanda cərəyan edən hadisələrin yekunu, mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Qeyd olunmuşdur ki, müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan və formalaşan Yeni Azərbaycan Partiyasının yaradılmasında artıq 20 il keçir. Diqqətə çatdırılmışdır ki, bu illər ərzində YAP iqtidar partiyası kimi, mütərəqqi islahatları uğurla həyata keçirərək Azərbaycanda sosial-iqtisadi inkişaf meyillərinin sürətlənməsinə, xalqın maraqlarına cavab verən tarazlı xarici siyasət yeritməyə, respublikanın beynəlxalq mövqelərinin və nüfuzunun yüksəlməsinə nail olmuşdur. Partiya zamanın çətin sınaqlarından şərəflə çıxmış, Azərbaycanda böyük siyasi qüvvəyə çevrilmişdir. Bildirilmişdir ki, iqtidar partiyasının keçdiyi şərəfli yolda Zaqatala rayon təşkilatının da öz payı, xidmətləri olmuşdur. Rayon təşkilatının hazırda 7 minə yaxın üzvü vardır. Üzvlərin 3800 nəfərə yaxınını qadınlar, 2836 nəfərini isə gənclər təşkil edir. Təşkilatın nəzdində Qadınlar Şurası və Gənclər Birliyi fəaliyyət göstərir. Təşkilat üzvləri rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında olduqca fəal rol oynayırlar. Yubiley tədbirində Milli Məclisin deputatları Kamilə Əliyeva, Hikmət Atayev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmiş, partiya üzvlərini əlamətdar yubiley münasibətilə təbrik etmişlər.
Partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri, rayon təşkilatının fəallarına xatirə hədiyyələri təqdim olunmuşdur.
Yubiley tədbiri incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.
 

Keçidlər