Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada ipəkçiliyin müasir innovativ texnologiyalarla inkişafı məsələləri müzakirə olunub

27 sentyabr 2017 | 16:00

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına əsasən, respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Bu barədə “Azərbaycanın şimal-qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketi və aqro-ekoloji modelin işlənib hazırlanması” layihəsi çərçivəsində sentyabrın 27-də Zaqatala rayonunda “Azərbaycanda ipəkçiliyin müasir innovativ texnologiyalarla inkişafı” mövzusunda keçirilən seminarda məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu, AMEA Şəki Regional Elmi Mərkəzi və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti qurumların nümayəndələri, baramaçılıq sahəsində çalışan mütəxəssislər, barama istehsalçıları iştirak ediblər.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə rayonda baramaçılığın mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirilib ki, rayonun kənd təsərrüfatı üçün ənənəvi sahə olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər nəticəsində 2016-cı ildə Zaqatalada 6 ton, cari ildə isə 21,4 ton yaş barama istehsal edilərək “Şəki-İpək” ASC-yə təhvil verilib.

Seminarda AMEA Şəki Regional Elmi Mərkəzin direktoru Yusif Şükürlünün “Ekoloji təmiz ipək istehsalında innovasiyaların tətbiqi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, ekoloji təmiz kənd təsərrüfatı istehsal üsulunun əsas məqsədi təbii ehtiyatların qorunması, insanların, həmçinin heyvanat aləminin sağlamlığına xidmət etməkdir.

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov çıxışında torpaq xassələrinin dəyişməsinin bitkilərin inkişafına və məhsuldarlığına təsiri məsələlərinə toxunub.

Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev barama toxumu istehsalında mövcud vəziyyət barədə məlumat verib. Vurğulanıb ki, stansiyanın əsas vəzifəsi kümçüləri sağlam və yüksək keyfiyyətli tut ipəkqurdu toxumu ilə təmin etməkdir. Stansiyanın yenidən qurulması və ən yüksək avadanlıqla təchiz edilməsi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan 4,5 milyon manat vəsait ayrılıb. Artıq tikinti işlərinə başlanılıb.

Seminarda, həmçinin AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Ayaz Məmmədovun “Tut ipəkqurdunun molekulyar genetik metodlarla öyrənilməsi” mövzusunda və Zaqatala rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Xalis Mahalovun baramaçılığın inkişaf perspektivlərinə dair məruzələri dinlənilib.

Keçidlər