Zaqatala yerli və xarici turistlərin diqqətini özünə cəlb edir
Zaqatala turizm potensialının zənginliyi baxımından Azərbaycanın ən cəlbedici rayonlarından biridir. Əlverişli iqlim şəraiti və əsrarəngiz təbiəti ilə seçilən, “qızılgüllər diyarı” kimi tanınan Zaqatala həmişə yerli və xarici turistlərin diqqətini özünə cəlb edib. Rayonu əhatə edən Böyük Qafqaz sıra dağları, zəngin bitki örtüyünə malik yaylaları, buz kimi sərin dağ çayları, təbii landşaftı qorunub saxlanan meşələri, özünəməxsus arxitekturası ilə seçilən tarixi-memarlıq abidələri, təbii parkları, həmçinin multietnik mədəniyyəti və folkloru burada turizmin bir çox növünün inkişafına zəmin yaradıb.
Bu fikirlər Dünya Turizm Günü və Azərbaycanda Turizm işçiləri günü peşə bayramı ilə əlaqədar sentyabrın 27-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.
Turizm sahəsində çalışan qurumların nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Mərkəzin foyesində Zaqatalanın turizm potensialını özündə əks etdirən sərgiyə baxıblar.
Tədbirdə Zaqatala Turizm İnformasiya Mərkəzinin direktoru Tərlan Əhmədovun “Zaqatalada turizmin inkişafı və prioritetləri” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, Dünya Turizm Gününün təsis edilməsinin başlıca məqsədi müxtəlif ölkələrin xalqları arasında əlaqələri daha da inkişaf etdirməkdir. Diqqətə çatdırılıb ki, bu il Dünya Turizm Günü “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında qeyd olunur.
Bildirilib ki, hazırda rayon ərazisində 11 turizm obyekti fəaliyyət göstərir. “Qrata”, “Zaqatala”, “İş”, “Turqut” otellərində, “Ləzzət”, “Dost qapısı” və digər ailəvi istirahət mərkəzlərində turistlərə müasir standartlara uyğun xidmətlər göstərilir. Bundan əlavə, Car, Qəbizdərə, Mazıx və digər dağ kəndlərində turistlərin yerləşməsi üçün hər cür şəraiti olan onlarla fərdi qonaq evi var. Zaqatala şəhərindəki IV-V əsrlərə aid alban məbədi, 1830-cu ildə tikilmiş “Zaqatala qalası”, Car kəndindəki XIV əsrə aid “Cingöz” qala, Yuxarı Çardaxlar kəndindəki V əsrə aid “Pəri qalası”, Mosul kəndindəki minarə, həmçinin rayonun əsrarəngiz təbiət guşələri turistlər üçün həmişə böyük maraq kəsb edir. Son illər rayona gələn xarici turistlərin sayında da xeyli artım müşahidə olunur. Əcnəbi turistlər arasında Türkiyə, İsrail, Almaniya, Avstriya, ABŞ, Rusiya və Avstraliyadan gələnlər üstünlük təşkil edirlər.
Tədbirdə turizm sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri çıxış edərək görülən işlərdən danışıblar.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova turizm sektorunun ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyətindən bəhs edib, turizm işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.