Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı uşaqlar insanları sülh içində yaşamağa səsləyirlər

19 sentyabr 2017 | 16:00

Azərbaycan xalqı sülhsevər xalqdır. Sülh və əmin-amanlıq şəraitində yaşamaq xalqımızın ən böyük arzusu və istəyidir. Sülh mövzusu torpaqlarının 20 faizi işğal olunan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

Bu fikir 21 sentyabr – Beynəlxalq Sülh Günü ilə əlaqədar ölkəmizdə elan edilən “Sülh aylığı” çərçivəsində Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən “Biz Sülhə səs veririk” adlı tədbirdə səsləndirilib.

Xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrin övladlarının və akademik Zərifə Əliyeva adına liseyin şagirdlərinin iştirak etdiyi tədbirdə Mərkəzin direktoru Cövhərət İbrahimova 1982-ci ildən bəri dünyada “Sülh günü” kimi qeyd olunan təqvimin yaranma tarixi barədə danışıb. Bildirilib ki, bu təqvimin yaranma səbəbi dünyada sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması, bəşəriyyətin daim sülh şəraitində yaşaması arzusundan irəli gəlib.

Sonra uşaqların ifasında sülhü tərənnüm edən mahnılar, şeirlər oxunub, rəqslər ifa olunub. Çay süfrəsi ətrafında davam edən tədbirin sonunda Mərkəz tərəfindən aztəminatlı ailələrin uşaqlarına hədiyyələr təqdim olunub.

Keçidlər