18 oktyabr - Müstəqillik Günü
18 oktyabr 2012-ci il tarixdə Zaqatala rayonunda Dövlət müstəqilliyi günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. İlk öncə Müstəqillik günü ilə bağlı məktəblilərin yürüşü keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçsı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Hikmət Atayev, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İlk öncə Müstəqillik günü ilə bağlı məktəblilərin yürüşü keçirilmiş, daha sonra tədbir iştirakçıları Heydər Parkında ulu öndər Heydər Əliyevin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində 18 oktyabr Dövlət müstəqilliyinə həsr olunmuş elmi-praktik konfransda iştirak etmişlər. Konfransda rayon rəhbəri Mübariz Əhmədzadənin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır” mövzusunda məruzəsi dinlənilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilk öncə Azərbaycanın müstəqillik qazanmasının 21-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını ürəkdən təbrik etmiş, 18 oktyabr 1991-ci ilin Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olduğunu, bu müstəqillik aktı qəbul olunduqdan sonra ölkədə siyasi vəziyyətin qismən normallaşdığını və Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasına böyük təkan verdiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Natiq öz çıxışında bu müstəqilliyin qorunub saxlanılmasında əvəzsiz rolu olan, Azərbaycanın gündən-günə güclənən siyasi və iqtisadi potensialının formalaşmasının əsasını qoyan ulu öndərimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndərin siyasi kursunun bu gün də uğurla davam etdirildiyini, Azərbaycan Respublkası Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına yüksək diqqət və qayğısı nəticəsində respublikanın hər bir guşəsində olduğu kimi Zaqatalada da böyük tikinti-quruculuq işlərinin həyata keçirildiyini qeyd etmişdir.
Daha sonra tədbir iştirakçıları Şəhər 01 saylı tam orta məktəbin idman zalının və Danaçı kənd idman zalının açılış mərasimlərində iştirak etmişlər.
Dövlət müstəqilliyi ilə əlaqədar keçirilmiş tədbirlər Zaqatala şəhər mədəniyyət evində təşkil olunmuş bayram konsetri ilə yekunlaşmışdır.