Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda tütünçülüyün və bağçılığın inkişafı təşviq olunur

14 sentyabr 2017 | 16:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Fondun təşkilatçılığı ilə sentyabrın 14-də Zaqatala rayonunda keçirilən işgüzar forum çərçivəsində Zaqatala və ətraf rayonlardan olan sahibkarlara 767 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, aqroparkın yaradılması, heyvandarlıq, tütünçülük, bağçılıq və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Tədbir çərçivəsində əvvəlcə Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan tütünçülük, çayçılıq və bağçılıq təsərrüfatlarının, tütünqurutma kameralarının, tütün, çay və fındıq emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Diqqətə çatdırılıb ki, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov forumda çıxış edərək bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində 1100-dən çox sahibkara 74 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Diqqətə çatdırılıb ki, Fond tərəfindən bu günədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2251 investisiya layihəsinin maliyyələşdirilməsinə 100,4 milyon manat güzəştli kredit ayrılıb. Ümumilikdə, indiyədək ölkədə tütünçülüyün, çayçılığın və fındıqçılığın inkişafı ilə bağlı 270 sahibkara 24 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Zaqatala rayonunda güzəştli kreditlər hesabına yaradılmış tütünçülük təsərrüfatına baxış keçirilib.

Keçidlər