Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Gömrük Laboratoriyası yaradılıb

26 avqust 2017 | 16:00

Azərbaycanda fındıq və fındıq məhsullarının ixrac potensialının artırılması, biznes mühitinin yaxşılaşdırılması, iş adamlarının işinin yüngülləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən Zaqatala şəhərində Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Zaqatala Gömrük Laboratoriyası yaradılıb.

Avqustun 26-da laboratoriyanın açılışında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, komitənin digər rəhbər işçiləri, rayon rəhbərliyi, iş adamları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Laboratoriya ilə tanışlıq zamanı məlumat verilib ki, burada fındıq məhsullarında mövcud olan aflatoksinlərin tədqiqi aparılacaq. Aflatoksinlər mikotoksin qrupuna aid olan ölümcül təhlükəli üzvi birləşmələrdir. Bu maddələr insan orqanizmində onkoloji xəstəliklərə səbəb olur, xüsusilə də qara ciyərin xərçənginə gətirib çıxara bilər. Avropa İttifaqı Müstəqil Dövlətlər Birliyi ölkələrində, eləcə də Azərbaycanda qida məhsullarında aflatoksinin miqdarının müəyyən normalardan yüksək olmamasına xüsusi nəzarət edir. Tərkibində aflatoksin olan qoz-fındıq məhsullarının ixracına icazə verilmir. Yüksək keyfiyyətli fındıq məhsullarının ixracının artırılması üçün Azərbaycanda yetişdirilən bu məhsulların dəqiq laborator analizi aparılmalıdır.

Yeni yaradılan laboratoriya müasir standartlara cavab verən avadanlıqla, reaktiv və ləvazimatlarla təchiz olunub. Laboratoriyadakı immun-ferment analizator vasitəsilə aflatoksinlərin təyin edilməsi üçün sınaqlar aparılacaq.

Bildirilib ki, aflatoksinlərin təyini üçün istifadə ediləcək metod beynəlxalq səviyyədə tanınıb və qəbul edilib. Bu metodla aparılan sınaqların nəticəsi arbitraj qüvvəyə malikdir. Analiz müddəti qısadır və bu da vaxt itkisini azaldacaq. Laboratoriya tərəfindən beynəlxalq səviyyədə qəbul olunmuş formatda sınaq protokolları veriləcək. Laboratoriyanın mütəxəssisləri Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ekspertləri tərəfindən təlim alıblar. Ekspertiza İdarəsi aflatoksinlərin analizi üzrə İSO 17025 beynəlxalq standartı ilə akkreditasiya olunub, dəfələrlə beynəlxalq müqayisəli peşəkarlıq testlərində müvəffəqiyyətlə iştirak edib.

 

  

                                                                 

Keçidlər