Zaqatalada tütünçülük, baramaçılıq, fındıqçılıq və gülçülük sahələrində görülən işlər təhlil olunub
Tütünçülük, baramaçılıq, fındıqçılıq şimal-qərb bölgəsində, o cümlədən Zaqatala rayonunda əsrlərboyu inkişaf edib. 2017-ci ildə Zaqatalada 743 hektar sahədə tütün əkilib. İndiyədək sahələrdən 1400 tona yaxın yaş tütün kütləsi tədarük edilib. Cari ilin birinci yarısında 7,8 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz çox tütün ixrac olunub. Eyni zamanda, bu il 21,4 ton yaş barama da istehsal edilib. Kümçülər qısa müddətdə 84 min manat gəlir götürüblər. Onlara 105,3 min manat subsidiya hesablanıb. Bundan başqa, 2017-ci ilin yazında rayon ərazisində 3 min 158 hektar sahədə yeni fındıq bağları salınıb.
Bu faktlar Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindən irəli gələn vəzifələrlə bağlı avqustun 9-da Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı yanında şuranın geniş iclasında məruzə və çıxışlarda səsləndirilib.
İclasda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən bəhs edib, bu sahədə rayonda görülən işlər və qarşıda duran məsələlər barədə danışıb.
Bildirilib ki, indiyədək uçotdan kənarda qalan və yeni qeydiyyata alınan 4 min 284 hektar bağlar da nəzərə alınmaqla, hazırda Zaqatala rayonunda fındıq bağlarının ümumi sahəsi 17 min 17 hektardır. Cari ilin birinci yarısında 30,8 milyon manat dəyərində fındıq məhsulları ixrac olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 74 faiz çoxdur.
Diqqətə çatdırılıb ki, Zaqatala rayonunda ənənəvi sahələrdən biri də gülçülükdür. Bu sahəni inkişaf etdirmək məqsədi ilə rayonun Aşağı Tala kəndinin ərazisində 82 hektar sahədə Bolqarıstandan gətirilmiş “Dəməşq qızılgülü” tingləri, 25 hektarda isə “Lavanda” gülü növləri üzrə gül plantasiyaları salınıb. Hazırda bu ərazidə gül yağı istehsalı zavodunun tikintisi davam etdirilir.
Şura iclasında rayon icra hakimiyyəti başçısının müavini İlkin Şəfizadə, “Azərtütün” MMC-nin direktor müavini Mübariz Qədimov, rayon Kənd Təsərrüfati İdarəsinin rəis müavini Rövşən Orucov, “Dağlar” kəndli-fermer təsərrüfatının rəhbəri Telman Həsrətov və başqaları çıxış edərək, rəhbərlik etdikləri sahələr və təsərrüfatlar üzrə görülmüş işlər barədə məlumat veriblər.
Çıxışlarda vurğulanıb ki, zaqatalalılar Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin, o cümlədən qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, idxaldan asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması, kəndlilərin, fermerlərin həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı vəzifələrin icrasını təmin etmək, tütünçülük, baramaçılıq, fındıqçılıq və gülçülük sahələri üzrə müəyyənləşdirilən hədəflərə çatmaq üçün bütün qüvvələri səfərbər edəcəklər.