Zaqatalada yeraltı piyada keçidi inşa edilir
Zaqatala şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və müasirləşdirilməsi məqsədilə şəhərin mərkəzi hissəsində - Faiq Əmirov, Vidadi, Saleh Qocayev və Bazar küçələrinin kəsişməsində inşa edilən yeraltı piyada keçidinin tikintisi iş cədvəlinə uyğun davam etdirilir.
Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral avtomobil yolunun keçdiyi bu ərazidə günün əksər vaxtlarında nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunur, tez-tez tıxaclar yaranır. Ərazidə məktəb, xəstəxana, kənd təsərrüfatı məhsullarının satış-bazarı, iri ticarət obyektləri yerləşdiyindən nəqliyyat vasitələrinin intensiv hərəkəti piyadalar üçün müəyyən çətinliklər törədir, tez-tez nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurdu. Yeni inşa edilən yeraltı piyada keçidi piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir.
Yeraltı piyada keçidi 4 giriş-çıxışlı olacaq. Yeraltı keçidin dəmir-beton və metal-konstruksiya işləri artıq tam başa çatdırılıb. Yağış sularının axıdılması üçün keçiddə xüsusi boru xətti çəkilib, nasos qurğusu quraşdırılıb. Yaxın günlərdə keçidin yan divarlarının və döşəməsinin mərmər və qranit plitələrlə üzlənməsi işlərinə başlanılacaq. Dizayn-bəzək işlərinin sentyabrın sonunadək başa çatdırılması nəzərdə tutulur.