2012-ci ilin doqquz ayında Zaqatalada bütün sahələr üzrə dinamik inkişaf davam etmişdir
17 oktyabr 2012-ci il tarixdə Zaqatala rayonunda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş şura iclası keçirilmişdir. 2012-ci ilin doqquz ayında Zaqatala rayonunda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sənayedə məhsul istehsalı 2,1 faiz, kənd təsərrüfatında 20,6 faiz, tikintidə isə 22,6 dəfə artmış, əhalinin pul gəlirləri 11 faiz çoxalmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası nəticəsində doqquz ayda rayonda 875-i daimi olmaqla 971 yeni iş yeri açılmışdır. Bu faktlar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlər və cari ilin doqquz ayında rayonda görülmüş işlərlə bağlı rayon icra hakimiyyəti başçısı yanında şuranın geniş iclasında hesabat məruzəsində səsləndirilmişdir. Məruzəçi bildirmişdir ki, bu günədək rayonda 2784 qəzalı ev və 19 məktəb binası sökülmüş, 4 yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Hazırda 2433 fərdi evin və 15 məktəb binasının tikintisi sürətlə davam etdirilir. Zaqatalalılar qısa zaman ərzində görülən bu möhtəşəm işlərə görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Rayonda illik istehsal gücü 500 ton olan quş əti və gücü 5 ton olan müxtəlif fındıq məmulatları istehsalı müəssisələrində, min tonluq soyuducu anbarında, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə inşa olunan müxtəlif gücə malik 4 ədəd beton zavodunda tikinti işləri başa çatdırılmış, müasir standartlara uyğun xırman, qaraj və 300 tonluq taxıl anbarının tikintisinə başlanmışdır. Müddət ərzində rayonun Muxax, Zəyəm və Bazar kəndlərində dövlət vəsaiti hesabına yeni məktəb binaları tikilib istifadəyə verilmiş, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zaqatala şəhərində inşa edilən 50 yerlik uşaq bağçasında tikinti işləri başa çatdırılmışdır.
Məruzəçi bildirmişdir ki, aqrar sahədə həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində 2012-ci ilin 9 ayında rayonda kənd təsərrüfatı məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 milyon manat artaraq 77,3 milyon manat təşkil etmişdir.
Şura iclasında, həmçinin hesabat dövründə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən geniş bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur.