Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

18 avqust 2017 | 16:00

Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq işlərə başlanılıb.

İyirmi üç min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli Sərəncamı ilə dövlət büdcəsindən “Azəravtoyol” ASC-yə 8,9 milyon manat vəsait ayrılıb.

Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun ümumi uzunluğu 37,5 kilometrdir. Yol 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr, o cümlədən yolun hərəkət hissəsinin eni 6 metr olacaq. Yolun çiyinləri isə hər bir istiqamət üzrə 2 metr təşkil edəcək. Avtomobil yolunun üzərində 3 körpü inşa ediləcək. Bu körpülərdən birinin uzunluğu 18 metr, ikisinin uzunluğu isə 12 metr olacaq. Bundan əlavə, yol üzərində zəruri olan yerlərdə ümumi uzunluğu 1142 metr olan müxtəlif diametrli 78 ədəd suötürücü boru da tikiləcək.

Hazırda yol yatağının tikintisi işləri aparılır, yola qum-çınqıl qarışığı tökülür. Zəruri olan yerlərdə əvvəlki yol yatağının yararsız qruntu qazılaraq çıxarılır. Eyni zamanda, yol üzərindəki körpülərdən birinin tikintisinə də başlanılıb. Yol yatağının tikintisi başa çatdıqdan sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Keçidlər