Zaqatalalı veteranlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər
12 oktyabr 2012-ci il tarixdə Zaqatala rayonunda Zaqatala Rayon Veteranlar Şurasının XIII konfransı keçirilmişdir. Şuranın sədri Ənvər Kərimovun hesabat məruzəsində qurumun ötən konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələrdən bəhs edilmişdir. Qeyd olunmuşdur ki, veteranlar Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində, ordu quruculuğunda, müstəqilliyimizin ilk illərində baş alıb gedən hərc-mərcliyə son qoyulmasında, sabitliyin bərqərar edilməsində daim ümummilli liderimiz Heydər Əliyevə dəstək olmuşlar. Veteranlar indi də kənarda qalmır, öz işləri və əməlləri ilə gənclərə daim nümunə olur, rayonun ictimai-siyasi həyatında fəallıq göstərirlər. Konfransda çıxış edənlər cəmiyyətin ən hörmətli təbəqəsi sayılan müharibə və əmək veteranlarının sosial problemlərinin həlli və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısı tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışmış, onların daim qayğı ilə əhatə olunduqlarını xüsusi vurğulamışlar.
Konfransda təşkilatı məsələyə baxılmışdır. Ənvər Kərimov yenidən Zaqatala Rayon Veteranlar Şurasının sədri seçilmişdir. Konfransda, həmçinin şuranın idarə heyətinin yeni tərkibi müəyyənləşdirilmiş, Respublika Veteranlar Şurasının V qurultayına nümayəndələr seçilmişdir.