Zaqatalada heyvan sahiblərinə 62 min manatdan çox subsidiya ödənilib
Cari ilin ötən dövründə Zaqatala rayonu üzrə 556 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınmış 626 baş buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə, 62 min 600 manat subsidiya ödənilib. Ödənilən subsidiyalar yanvar-aprel aylarında doğulan buzovlara şamil edilib. Bundan əlavə, may və iyun aylarında doğulan 336 baş buzov üçün də 33 min 600 manat subsidiya hesablanıb və yaxın vaxtlarda ödənilməsi təmin olunacaq. Subsidiyalar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi” Qaydasına əsasən verilib. İdarənin təmsilçisi bildirib ki, ümumiyyətlə, cari ilin ötən dövründə Zaqatala rayonunda 2764 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Müddət ərzində süni mayalama yolu ilə alınan buzovların sayı 1228 baş olub. Zaqatala rayonu bu göstəricilər üzrə respublikada ilk yerlərdə qərar tutub.