Zaqatalada birinci yarımilin yekunları qeyd olunub.
İlin birinci yarısında Zaqatala rayonunda 114,1 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz çoxdur. Məhsul istehsalı sənayedə 51,9 faiz, kənd təsərrüfatında 1,3 faiz, ticarətdə 13 faiz, rabitədə 9 faiz artıb, pərakəndə əmtəə dövriyyəsinin həcmi 10,3 faiz, pullu xidmətlərin həcmi isə 6,7 faiz çoxalıb. Bu müddət ərzində 1832-si daimi olmaqla, 1872 yeni iş yeri açılıb. Bu barədə iyulun 19-da Zaqatala Rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin hesabat məruzəsində bildirilib ki, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə rayonda zəruri tədbirlər davam etdirilir. Belə ki, 2017-ci ildə Zaqatala rayonunda 700 hektar sahədə tütün əkilməsi proqnozlaşdırılsa da, fermerlər arasında aparılan maarifləndirmə tədbirləri nəticəsində builki mövsümdə 743 hektar sahədə tütün əkilib. Artıq məhsul yığımına da başlanılıb və bu günədək 128 tondan çox yaşıl tütün kütləsi tədarük edilərək, qurudulmaq üçün “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin kameralarına yığılıb. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının ixracyönümlü məhsulların istehsalının artırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, Zaqatala rayonunda yeni fındıq bağlarının salınması ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə ötən ilin payızında 1 milyon 540 min ədəd pöhrə tədarük olunmaqla, 2 min 560 hektar sahədə yeni fındıq bağları salınıb və bağların ümumi sahəsi 16 min 420 hektara çatdırılıb. Cari ilin yaz mövsümündə isə daha 598 hektar sahədə yeni fındıq bağları salınıb. Bundan əlavə, 5 hektar sahədə fındıq tingliyi təsərrüfatı yaradılıb və hazırda burada 300 min ədəd ting yetişdirilir. Bu tinglərin gələcəkdə 600 hektar sahəyə köçürülməsi planlaşdırılır. Bildirilib ki, cari mövsümdə rayonda 21 ton yaş barama istehsal edilməsi nəzərdə tutulsa da, kümçülər tapşırığa artıqlaması ilə əməl edib, 21 ton 328 kiloqram barama istehsal edərək “Şəki-İpək” ASC-yə təhvil veriblər. Barama istehsalı əvvəlki illə müqayisədə 3,5 dəfədən çox artıb. Rayonda ənənəvi və ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi, yeni gül plantasiyasının salınması məqsədi ilə Aşağı Tala kəndində 100 hektar torpaq sahəsi ayrılıb. Ötən ilin payızında ayrılmış sahənin 64 hektarında Bolqarıstandan gətirilmiş 250 min ədəd “qızılgül”, cari ilin yazında isə 25 hektar sahədə 500 min ədəd “lavanda” tinglərinin əkilməsi təmin olunub. Artıq bu ərazidə gül yağı istehsalı zavodunun tikintisinə də başlanılıb. Bildirilib ki, rayonda bütün maliyyə mənbələri hesabına 4,2 milyon manat həcmində tikinti, təmir və abadlıq işləri görülüb. Yığıncaqda, həmçinin 2017-ci ilin birinci yarısında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.