Zaqatalada Dövlət qulluqçularının peşə bayramı qeyd olunub
Hər il iyunun 23-ü ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Dövlət qulluğu mühüm əhəmiyyət daşıyan sahə, çətin və məsuliyyətli, eyni zamanda, şərəfli bir peşədir. Dövlətin nüfuzu, inkişafı dövlət qulluqçusunun, məmurun fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu fikir Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə iyunun 23-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Yığıncaqda ölkəmizdə dövlət qulluğu sisteminin formalaşmasından, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun rolundan geniş bəhs edilib. Diqqətə çatdırılıb ki, BMT Baş Məclisinin tövsiyəsi nəzərə alınaraq, Azərbaycan Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı ilə hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Tədbirdə çıxış edənlər ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini önə çəkib, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyasının hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam etdirildiyini diqqətə çatdırıblar. Bildirilib ki, bu gün dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun təşkili tamamilə yeni prinsiplərə əsaslanır, dövlətlə vətəndaş arasında inam və etimad bərqərar olur. Həyata keçirilən dövlət qulluğu siyasəti qanunçuluq, hesabatlılıq, şəffaflıq, cavabdehlik prinsiplərinə əsaslanan dövlət idarəçiliyi sisteminin daha səmərəli inkişafına xidmət edir.
Tədbirin sonunda dövlət orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.