Kolumbiyanın xarici işlər naziri Zaqataladan zəngin təəssüratlarla ayrılıb
Kolumbiyanın xarici işlər naziri xanım Mariya Anxela Olqin Azərbaycana səfəri çərçivəsində iyunun 17-də respublikamızın şimal-qərb bölgəsində olub. Kolumbiyalı qonaq və onu müşayiət edən şəxslər Şəkinin tarixi məkanları ilə tanışlıqdan sonra Zaqatala rayonuna gəliblər. Zaqatala rayonunun Əliabad qəsəbəsinin ərazisində yerləşən fındıq emalı zavodu ilə tanışlıq zamanı qonağın diqqətinə çatdırılıb ki, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikada ildə təqribən 35 min ton fındıq istehsal olunur. Azərbaycan, həm də dünyada dördüncü fındıq ixracatçısıdır. Ümumilikdə, ötən il Azərbaycandan 25-ə yaxın xarici ölkəyə 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. Hazırda Azərbaycanda fındıqçılıq sahəsində yüz minə yaxın insanı birləşdirən 30 minə yaxın ailə-fermer təsərrüfatı çalışır. Dövlət tərəfindən bu gəlirli sahənin inkişafına çox böyük dəstək göstərilir. Qəsəbənin ərazisində yerləşən fındıq bağları ilə tanışlıq zamanı bildirilib ki, fındıqçılıq Zaqatala rayonunun iqtisadiyyatında mühüm rol oynayır və kənd əhalisinin əsas gəlir mənbələrindən biridir. Rayonda fındıqçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son bir neçə ildə rayon ərazisində 6,8 min hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda Zaqatala rayonunda fındıq bağlarının ümumi sahəsi 16,4 min hektar təşkil edir. 2016-cı ildə fındıq bağlarından 9 min tona yaxın məhsul tədarük olunub. Ötən il fındıq ləpəsinin ixracından 91,1 milyon manat gəlir əldə edilib. Kolumbiyanın xarici işlər naziri xanım Mariya Anxela Olqin Zaqatalaya səfərindən məmnun qaldığını, bölgədən zəngin təəssüratlarla ayrıldığını bildirib.