Şriftin ölçüsü :

Saytın rəngi :

Xarici turistlər arasında Türkiyə, İsrail, Almaniya, Avstriya, ABŞ, Rusiya və Avstraliyadan gələnlər üstünlük təşkil edir

04 iyun 2017 | 16:00

Zaqatala turizm potensialının zənginliyi baxımından Azərbaycanın ən cəlbedici rayonlarından biridir. Əlverişli iqlim şəraiti və əsrarəngiz təbiəti ilə seçilən, “qızılgüllər diyarı” kimi tanınan Zaqatala həmişə yerli və xarici turistlərin diqqətini özünə cəlb edib. Rayonu əhatə edən Böyük Qafqaz sıra dağları, zəngin bitki örtüyünə malik yaylaları, buz kimi sərin dağ çayları, yamyaşıl meşələri, özünəməxsus arxitekturası ilə seçilən tarixi-memarlıq abidələri, təbii parkları, həmçinin multietnik mədəniyyəti və folkloru burada turizmin bir çox növünün inkişafına zəmin yaradıb. Bütün bunların nəticəsidir ki, rayona gələn turistlərin sayında ildən-ilə artım müşahidə olunur.
Hazırda rayon ərazisində 11 turizm obyekti fəaliyyət göstərir. Bu obyektlərdə yerlərin sayı artaraq 377-ə çatıb. “Qrata”, “Zaqatala”, “İş”, “Turqut” otellərində, “Ləzzət”, “Dost qapısı” və digər ailəvi istirahət mərkəzlərində turistlərə müasir standartlara uyğun xidmətlər göstərilir. Bundan əlavə, Car, Qəbizdərə, Mazıx və digər dağ kəndlərində turistlərin yerləşməsi üçün hər cür şəraiti olan onlarla fərdi qonaq evi var. Bu kənd evləri yerli turistlərlə yanaşı, xarici qonaqların da diqqətini cəlb edir. Sadə kənd evlərində yerləşən turistlər bu yerlərin adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Son illər Zaqatalada kənd yaşıl turizm növü geniş yayılmaqdadır. Zaqatala şəhərindəki IV-V əsrlərə aid Alban məbədi, 1830-cu ildə tikilmiş “Zaqatala qalası”, “Car kəndindəki XIV əsrə aid “Cingöz” qala, Yuxarı Çardaxlar kəndindəki V əsrə aid “Pəri qalası”, Mosul kəndindəki minarə, həmçinin rayonun əsrarəngiz təbiət guşələri turistlər üçün böyük maraq kəsb edir. Qəbizdərə kəndinin gursulu dağ çayları, şəlalələri burada çay-sal ekstrim idman növünü inkişaf etdirməyə imkan verir və adrenalin sevənlər üçün əvəzedilməz əyləncə qaynağıdır. Car kəndi də turistlər üçün əsil istirahət məkanına çevrilib.
Mərkəz rəhbərinin bildirdiyinə görə, son illər rayona gələn xarici turistlərin sayında xeyli artım müşahidə olunur. Əcnəbi turistlər arasında Türkiyə, İsrail, Almaniya, Avstriya, ABŞ, Rusiya və Avstraliyadan gələnlər üstünlük təşkil edirlər.
Xarici turistlərin böyük əksəriyyəti ailəvi və yaxud 4-5 nəfərlik qruplar şəklində gələnlərdir və onlar daha çox ekoturizmə maraq göstərirlər.

Keçidlər